“Şəhid” kəlməsi “şuhud” kökündən alınmışdır. Qeyd olunub ki, “şəhid” kəlməsi “davamlı müşahidə” mənasını ifadə edir. Bu müşahidə zahiri gözlə də, bəsirət gözü ilə də ola bilər. Bəzən də bu sözün mənası “hazır olmaq” anlamına gəlir.

Şəhadətin xüsusi mənası Allah naminə döyüş meydanında öldürülməkdir. İslam hüququnda şəhidin dəfni ilə bağlı xüsusi hökmlər mövcuddur. Şəhid üçün qüsl və kəfən vacib deyil. O, əynindəki qanlı paltarı ilə dəfn oluna bilər.

Bundan əlavə, şəhadət ilahi vəzifələri yerinə yetirərkən insanın qətlə yetirilməsi, yaxud vəfat etməsi anlamına da gəlir. Hər kim bu vəzifələri yerinə yetirərkən dünyadan köçərsə, şəhid hökmündədir.

Allah yanında şəhidlik mərtəbəsi peyğəmbərlikdən sonra ən yüksək zirvədir. Şəhidlər barədə Qurani-Kərimdə belə buyurulub: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (Bəqərə, 154).

Peyğəmbər (s) buyurub: “Cənnətə girən şəxs, yer üzünün bütün nemətləri ona verildiyi təqdirdə belə, dünyaya qayıtmaq istəməz. Təkcə şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istər”.

Həmçinin şəhidin bütün günahları bağışlanar, qul borcundan başqa. Yəni digər insanların boynunda olan haqdan başqa, nə günahı varsa silinər.

Şəhidlik barədə bir sıra hədisləri oxuculara təqdim edirik:

  1. Qiyamət günü şəhidin şəfaət məqamı var (“Biharul-ənvar” , c.2, səh.15).
  2. İmam Sadiqin (ə.s) buyurub: “Şəhidin nöqsanları Qiyamət günü onun özünə də göstərilməz” (“Vəsailuş-şiə”, c.11, səh.9).
  3. Mücahidlər Behiştə xüsusi qapıdan daxil olar (“Biharul-ənvar” , c.97, səh.8). Onlar Behiştə hamıdan qabaq gedər (“Biharul-ənvar” , c.97, səh.11). Onların Behiştdəki yeri özəldir (“Nurus-səqəleyn”, c.2, səh.241).
  4. Ölümlərin ən üstünü şəhadətdir (“Biharul-ənvar” , c.100, səh.8).
  5. Qiyamət günü şəhid əlində silah, hərbi geyimdə və xoş qoxu ilə səhnəyə gələr və mələklər ona salam göndərərlər (“Biharul-ənvar” , c.97, səh.13).