Höcəttul-İslam Məhəmməd Təqi İrəvani Azərbaycanın məşhur fəqihlərindən biri olub. O, 1916-cı ildə İraqın Nəcəf şəhərində dünyaya gəlib. Məhəmməd Təqi Ayətullah Məhəmməd Cavad İrəvaninin oğlu idi.

Alim ilk dini təhsilini Şeyx Həsən Həmzavi, Şeyx Saleh Cəfəri, Ayətullah Xoyi kimi Nəcəfin böyük ustadlarından alıb. Daha sonra isə özü hövzə tələbələrinə dərs deməyə başlayıb.

İraqda ruhanilərin repressiyaları zamanı Şeyx Məhəmməd Təqi Nəcəfi tərk etməli olub. O, İranın Qum şəhərində məskunlaşaraq, orada tələbələrə müəllimlik edib. İraqda hakim olan rejimin süqutundan sonra isə Məhəmməd Təqi Nəcəfə geri dönüb.

Alimin bir sıra əsərləri dövrümüzədək gəlib çatmışdır. Bunlar: “Əl-Hədaiqun-nazirə fi əhkamil-itratit-tahirə” kitabının şərhi, Ayətullah Xoyinin “Riza” bəhsinə şərh, “Məkasib” kitabına haşiyə və digər əsərlərdir.

Şeyx Məhəmməd Təqi İrəvani 2005-ci ilin 10 oktyabr tarixində vəfat edib. Onun cənazəsi isə Nəcəfin müqəddəs Vadius-səlam qəbiristanlığında dəfn olunub.

Mənbələr:

  1. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.
  2. Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. 2013.