Azərbaycanlı fəqih Əllamə Şeyx Hüseyn Ramanai 1870-ci ildə Bakının Ramana qəsəbəsində anadan olub.
Şeyx Ramanai gənc yaşlarından Quran qiraətini, Gülüstan və Bustan kimi kitablardan dərsləri atasından mənimsəyib. O, hələ yeniyetmə vaxtlarında Qurani-Kərimi əzbər öyrənib. Daha sonra isə gənc tələbə elmini artırmaq məqsədilə İraqın Nəcəf şəhərinə yollanıb.
Nəcəfdə Şeyx Hüseyn Ayətullah əl-Üzma Seyyid Məhəmməd Kazim Yəzdi, Ayətullah əl-Üzma Axund Molla Məhəmməd Kazim Xorasani, Ayətullah əl-Üzma Mamaqani və Ayətullah əl-Üzma Fazil Şərəbyani kimi alimlərdən dərs alıb. O, əsasən, fiqh, üsul, fəlsəfə, riyaziyyat, həndəsə və astronomiya elmləri üzrə ixtisaslaşıb.
1910-cu ildə Nəcəfdə tədrisini başa vuran alim doğma yurduna qayıdıb. O, Bakının Buzovna qəsəbəsindəki evini elm ocağı kimi istifadə edib, orada çoxlu tələbə yetişdirib.
1918-ci ildə isə Əllamə Ramanai dostu Ayətullah Mirzə Kamyab Axundzadə ilə birlikdə bolşeviklərə qarşı mübarizəyə qalxıb. Bu səbəbdən 1920-ci ildə o, bolşeviklər tərəfindən təqib və təzyiqlərə məruz qalıb. Nəticədə alim həbs edilərək, sürgün olunub. Sürgündən qayıtdıqdan sonra isə dini təbliğ etməyə davam edib.
1931-ci ildə Şeyx Hüseyn Ramanai bir sıra alimlərlə birgə sovet hakimiyyəti tərəfindən həbs olunub. 1932-ci ildə isə Seyyid Əbdülqəni Badkubei və başqa alimlərin şəhadətindən sonra o da şəhid edilib.
Alimin şəhadətindən sonra onun bütün kitabxanası qarət olunub. Fəqihin oğlu mərhum Həsən Ramanai sovet hökumətinin təzyiqləri altında atasının əsərlərini aradan götürüb. Deyilənlərə görə, həmin əsərlər cildlərlə kitablardan ibarət olub.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. 2013.