İslam şəriətində vacib namazlardan biri də cümə namazıdır. Bu ibadət yalnız cümə günləri zöhr azanında və camaatla qılınır.
Cümə namazı İmamın (ə.f) qaib olduğu dövrdə təxyiri vacibdir. Bu o deməkdir ki, mükəlləf cümə namazını zöhr namazının yerinə qıla bilər. Yəni cümə və əsr namazını qılır.
Cümə namazının qılınmasında imam və camaatla birlikdə ən azı beş nəfər iştirak etməlidir. Bu namaz sübh namazı kimi ikirükətlidir. Burada fərq ondan ibarətdir ki, namazdan öncə iki xütbə oxunmalıdır. Namazın həmd surəsi isə uca səslə oxunulur.
Sözügedən namazın iki müstəhəb qunutu var. Qunutun biri birinci rükətin rükusundan əvvəl, digəri isə ikinci rükətin rükusundan sonra gəlir. Həmçinin cümə namazının birinci rükətində Cümə surəsini, ikinci rükətində isə Munafiqun surəsini oxumaq bəyənilir.