Bu gün, səfər ayının 8-i (sentyabrın 5-i) Peyğəmbərə (s) ən yaxın səhabələrdən biri olan Salman Farsinin vəfatının ildönümüdür. Salman Farsi İranın İsfahan şəhərində anadan olub. Onun doğum tarixi haqqında dəqiq məlumat yoxdur. Rəvayətlərə görə, Salman 350 il ömür sürüb. O, əvvəllər atəşpərəst olub, sonra isə məsihi dininə üz tutub.
Salmanın məsihi din müəllimi ölüm yatağında olarkən ona Mosula gedib, orada yaşayan bir din xadiminə müraciət etməsini tapşırmışdı. Salman ustadının istəyi ilə Mosula getdi, lakin həmin şəxs artıq vəfat etmişdi.
Beləliklə, Salman Farsi Rum şəhərinə yola düşdü və bir abid şəxsin tələbəsi oldu. O, abiddən ondan sonra kimə üz tutmağı soruşdu. Ustadı ona İbrahimin (ə.s) dinindən olan sonuncu Peyğəmbərin gəlməsindən xəbər verdi və onun qalacağı yeri dedi. Abid Salmana onun əlamətlərindən danışdı. “O, sədəqə götürməz, amma hədiyyə qəbul edər; onun iki çiyni arasında peyğəmbərlik nişanı var. Onu bu nişanla hökmən tanıyarsan”, – abid dedi.
Bir gün Salman Ərəb karvanına qoşulub yola düşdü. Lakin ərəblər onu yahudilərə qul kimi zorla satdılar. Sahibi onu digər yahudiyə satdı və onlar Mədinə şəhərinə yollandılar. Bir gecə Salman evdən gizlincə çıxdı və Peyğəmbərin qaldığı evi axtarıb tapdı. O, Həzrətin hüzurunda bir neçə şəxsin olduğunu görür və hansının Peyğəmbər olduğunu anlamır. Salman onlara bir qədər azuqəsi olduğunu buyurur və bunun onlar üçün sədəqə olduğunu deyir. Onlardan biri digərlərinə yeməkdən nuş etməyi deyir, lakin özü yemir. Səhər Salman azuqənin hədiyyə olduğunu deyir və dünən yeməyə toxunmayan şəxs həmin təamdan dadır. Salman onun Peyğəmbər olmasını anlayır, lakin tam yəqinlik üçün sonuncu əlaməti görmək istəyir.
Bir gün Salman o Həzrəti Bəqi qəbiristanlığında görür və arxasında dayanır. Həzrət onun niyyətini anlayıb, çiynindən əbanı götürür. Bu zaman Salman peyğəmbərlik möhürünü görür və Həzrətin ayaqlarına düşür. Həmin gün Salman Farsi İslamı qəbul edir. Müsəlmanlar ona sahibinin qulluğundan azad olmaq üçün yardım edirlər.
Məhəmməd Peyğəmbər (s) Salman barədə buyurub: “Salman biz Əhli Beytdəndir (ə.s)”.
Salman Farsi bir müddət Mədain şəhərinin valisi olur. Hicrətin 35-ci ilində Salman vəfat edir. Onun qüslünü İmam Əli (ə.s) verir.