Məscid Şəmkir rayonunun Keçili kəndində yerləşir. İbadət evi 1989-1993-cü illərdə inşa edilib. İbadətgah yerli həkim Mahir Əsədov tərəfindən tikilib. Bu haqda məscidin giriş qapısının yanındakı mərmər lövhədə qeyd olunub.

İbadət evi mişar daşından tikilib. Məscidin 1 giriş qapısı və 11 pəncərəsi var. Pəncərələrdən yeddisi plastik, giriş qapısı və qalan dörd pəncərə isə taxtadandır. Məscidin giriş qapısının sağ və sol tərəflərində yardımçı otaqlar yerləşir. İbadət zalı səkkizguşəlidir və onun döşəməsi taxtadandır. Məscidin səkkizguşəli bir minarəsi və bir günbəzi var. Minarə kərpicdən inşa olunub və hündürlüyü 15 metrdir. Günbəz həm daxili, həm də xarici tərəfdən dəmir təbəqə ilə üzlənib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.