Həzrət Ayətullah Şeyx Cavad Əlizadə Badkubei Kərbəlayi Məhəmməd Əli oğlu 1864-cü ildə Bakı şəhərində anadan olub.

O, kiçik yaşlarında Quran qiraəti və dini dərslərinə maraq göstərib.

Daha sonra Cavad Əlizadə “Mirzə Həsib Qüdsi” mədrəsəsinə daxil olaraq, müqəddimə və bir sıra ali səthli dini dərslərini oradakı alim və ruhanilərdən almışdır. O, gənc yaşlarında Nəcəfə getmiş, oradakı Ayətullah əl-Üzma Mövla Məhəmməd Fazil İrəvani, Ayətullah əl-Üzma Mirzə Həbibullah Rəşti və Ayətullah əl-Üzma Mövla Məhəmməd Fazil Şərəbyani kimi alimlərin fiqh və üsuli-xaric dərslərində iştirak etmişdir.

Cavad Əlizadə bir neçə il sonra Kərbala şəhərinə səfər edir, orada səkkiz il Ayətullah əl-Üzma Mirzə Məhəmməd Həsən Şirazidən dərs alaraq, ali müctəhidlik məqamına ucalır. Lakin o, ustadın vəfatından sonra Tehrana gedir və orada təhsilini davam etdirir.

Şeyx 1900-cü ildə Bakıya qayıdır. O, Qasım bəy Zakir məscidini din, mədəni-ictimai fəaliyyətinin mərkəzinə çevirir. Orada dini maarifləndirmə, təbliğlə, həmçinin şəri əhkamların bəyanı və İslam elmlərinin tədrisi ilə məşğul olmağa başlayır.

Həzrət Ayətullah Şeyx Cavad Əlizadə Badkubei 1918-ci ildə vəfat edib, Bakının Buzovna qəsəbəsindəki Samiyə məqbərəsində dəfn edilib.

Mənbə:

  1. Adil Movlayi. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013.