Axund Molla Yunis Qasımzadə 1876-cı ildə Lənkəran rayonunun Gərmətük kəndində ruhani ailəsində anadan olub.

1884-cü ildən Qasımzadə əvvəlcə Gərmətük, sonra Lənkəran şəhərinin mədrəsələrində dini elmləri öyrənib. O, 1896-cı ildə dünyəvi və üxrəvi elm biliklərini artırmaq məqsədi ilə İrana təhsil almağa yollanır. Yunis Qasımzadə təhsilini bitirdikdən sonra, vətənə qayıdır. O, Lənkəran mədrəsələrində İslam elmlərindən dərs deyir.

Axund Molla Yunis ilahiyyat və dünya elmlərindəki biliklərini artırmaq üçün İraqın Nəcəf şəhərinə yola düşür. Nəcəfdə fiqh, üsul, rical, Quran təfsiri, məani-bəyan, bədii fəlsəfə və kəlamı və digər elmləri öyrənməklə yanaşı, təbiət elmlərini, təbabəti, astronomiyanı, dilçiliyi də öyrənir. Molla Yunis 1917-ci ildə Lənkərana qayıdır. O, Lənkəran şəhərinin məscidlərində dini fəaliyyətini davam etdirir.

1920-ci illərdə Lənkəran qəzasında hakimiyyət uğrunda kəskin çəkişmələr gedirdi. Silahlı qüvvələr müsəlmanların nüfuzlu alimlərini öldürüdülər. 1930-cu illərdə yerli bolşevik firqə üzvləri Axund Yunisi bir neçə dini alim ilə birgə kolxoz işlərində “yararsız adam” kimi Lənkərandakı NKVD idarəsində olan siyahıya salıblar. Məqsəd isə onu məhv edib evinə, mülkünə, torpağına yiyələnmək idi. Bu hadisədən xəbər tutan kimi Axund Molla Yunis ailəsi ilə birgə buradan köçüb. O, Masallı və Cəlilabad ərazisindəki ucqar kəndlərdə yaşayıb.

Axund Yunisin böyük oğlu Əli Yuniszadə Böyük Vətən Müharibəsi iştirakçısı olub. Əli 1945-ci ildə müharibədən qayıtdıqdan sonra haqsız müsadirə olunan evi dövlət məmurlarının əlindən alıb öz atasına qaytarıb.

Axund Kərbəlayi Molla Yunis xalq arasında dini xidmətlər göstərməklə bərabər bədii yaradıcılıqla da məşğul olub.

Lənkəranini Elmlər Akademiyasında ərəb və fars dillərindən dərs verməyə dəvət etsələr də, o, razılaşmayıb.

Axund Molla Yunis Qasımzadə Lənkərani 27 mart 1988-ci ildə 112 yaşında vəfat edib və Masallının Ləngan kəndinin qəbiristanlığında dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. 2013.