Ayətullah Şeyx Əbdül-Kərim İrəvani XVIII əsrin sonlarında İrəvan şəhərində anadan olub. O, həmçinin Əbdül-Kərim Qəzvini kimi tanınıb.
Şeyx Əbdül-Kərim ərəb və fars dillərinin müqəddimatını, fiqhi və üsul bəhslərini orta səviyyədə əvvəlcə İrəvanda, sonra isə Ərdəbil şəhərində öyrənib.
Daha sonra İrəvani Kərbəlaya köçüb, orada Sahibi-Riyazın və Seyid Əli Təbatəbainin dərslərində iştirak edib. Bunun haqqında o, belə deyib: “Biz üç nəfər Seyyid Əli Təbətəbainin dərsində iştirak edirdik. Tələbələrin hamısından qabaqda biz idik. Biz üç nəfər mən, mərhum Molla Şərifül-Üləma Mazandarani və Molla Əhməd Türk birlikdə bəhs edirdik”.
Bir vaxt keçdikdən sonra Şeyx Əbdül-Kərim ictihad məqamına çatır. “Qisəsul-uləma”nın müəllifinin dediyinə görə, İrəvani elmdə və bilikdə, dövrünün ən elmli müctəhidlərindən biri olan Şərifül-Üləmadan da üstün olub.
Sonralar o, Kərbəlada üsul və fiqh dərslərini deməyə başlayır. Şeyx Əbdül-Kərim bir neçə ildən sonra o dövrdə heç bir mədrəsəsi və tədris ocağı olmayan Qəzvin şəhərinə köçür. Ayətullah İrəvani ömrünün sonuna kimi burada dərs deyib.
Şeyx İrəvaninin tələbələrindən Ayətullah əl-Üzma Mirzə Həbibullah Rəşti, Ayətullah əl-Üzma Mövla Məhəmməd Fazil İrəvani, Ayətullah Mirzə Məhəmməd ibni Süleyman Tənkabəni, Ayətullah Mövla Fətullah ibni Rəcəbi Qəzvini, Ayətullah Mirzə Həsən Müctəhid Ərdəbili, Ayətullah Hacı Molla Ağa Qəzvini, Aytullah Mövla Əli Zəncaninin adlarını çəkmək olar.
İrəvani “Təharət” və “Riyaziul-məsail”, “Məcməul-məsail”, “Rəsail dər üsuli bəraət”, “Müxtəsər ən-əruz”, “Qəvaid ən-nəhv vəs-sərf fi lüğəti əl-fars” natamam olan “Əsl əl-bəraə” kimi əsərlərin müəllifidir.
Ayətullah Şeyx Əbdül-Kərim İrəvani təxminən 1858-ci ildə Qəzvin şəhərində vəfat edib.
Mənbələr:
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Natiq Rəhimov. Azərbaycanın din alimləri. Bakı-2014.