Əbdülkərim Mircəfər oğlu Cəfərov 1896-cı ildə Lerik rayonunun Babakücə kəndində anadan olub. Lakin bəzi mənbələrdə onun doğum tarixi kimi 1875-1885-ci illər göstərilir. Alim İmam Museyi-Kazimin (ə.s) soyuna mənsubdur.
Şeyx Əbdülkərimin yeddinci babası Şükrullah Lənkəran qəzasına köçmüşdür. Seyid Şükrullahın babası Seyid Süleyman dövrünün böyük irfan alimlərindən olmuş, İranın Fəxrəbad kəndində məzarı üzərində türbə ucaldılmışdır. Ulu babası Sahib Fəxrəbadi isə Səfəvi sarayında nüfuzlu şairlərdən biri olmuşdur.
Atası Mircəfər kəndin tanınmış şəxslərindən biri idi. Əbdülkərim ilk dini təhsilini atasından alıb. Sonradan təhsilini Lerik rayonunun Hamarat kəndindən olan Şeyx Həbibullahın yanında davam etdirib.
O, İranın Qum şəhərinə yollanır. Orada 6 ildən çox təhsil alır, ilahiyyat elmləri ilə yanaşı, tarix, şərq ədəbiyyatı, riyaziyyat, coğrafiya elmlərini öyrənir. Təhsilini bitirdikdən sonra Babakücə kəndinə qayıdır.
Əbdülkərim Axund Şəhrəbanu adlı xanımla ailə həyatı qurmuş, bu evlilikdən onların 5 oğlu və 3 qızı olmuşdur. Şeyxin böyük oğlu Əhmədağa 17 yaşında Böyük Vətən müharibəsinə getmiş, geri qayıtmamışdır.
1961-ci ildə axund səhhəti ilə əlaqədar olaraq Lənkəran rayonunun Bəlləbur kəndinə köçüb.
Əbdülkərim Axund 1962-ci ildə vəfat edib və Lənkəranın “Sardəxıl” qəbiristanlığında dəfn olunub.
Mənbə: