Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsi alarkən hicabla şəkil çəkdirə bilərmi? Sözügedən sual bir çoxlarını narahat edir. Məsələ ilə bağlı avqustun 23-də ekspertlər fikir bildiriblər. Bu barədə sia.az-a istinadən Sirat.az xəbər verir.
Tədqiqatçı ekspert, kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, hava limanında və bir çox dövlət qurumlarında üztanıma proqramları papaq və şərflə olan şəxsləri çətinliklə tanıyır. Üztanıma isə təhlükəsizlik qaydaları üçün zəruri tədbirdir. Mütəxəssis hesab edir ki, texnologiya və şəriətin orta məxrəcə gəlməsi üçün ilahiyyatçılar lazımi qərarlar verməlidirlər. Aydın Xan Əbilov, həmçinin hazırda Azərbaycan qanunvericiliyinə görə şəxsiyyət vəsiqəsinə hicab və baş örtüyü ilə şəkil çəkdirilməsinin qadağan olduğunu qeyd edib.
Vəkil Tural Abdullazadə də ölkədə bu qanunun mövcudluğunu təsdiq edir. Lakin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərində bir neçə məqamı da diqqətə çatdırıb. Belə ki, təşkilatın tələblərinə əsasən, istisna hallarda (dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr) baş örtüyü ilə fotoşəkil çəkdirməyə icazə verilir. Hətta ASAN xidmətin saytında belə şəxsiyyət vəsiqəsinə tələb olunan şəkilin İCAO-nun tələblərinə uyğun olmasının vacibliyi qeyd olunub.
“ICAO-nun tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə tam aydınlıq gətirilmədiyi üçün müəyyən ziddiyyətlərə səbəb olur. Qanunda şəxsiyyəti təsdiq edən sənəddə hicablı foto çəkdirməyə qadağa göstərilməyib. Əsas problem qanundakı boşluq və onun tətbiqində istisnaların nəzərə alınmamasıdır”, – deyə vəkil əlavə edib.
Qeyd edəki ki, İCAO-nun 9303 nömrəli – “Portrait Quality” sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri göstərilib. Həmin nümunələrdə hicabla şəkil çəkməyə (üz açıq olmaq şərtilə) icazə verildiyi göstərilib.
Mart ayında Sirat.az məsələ ilə bağlı ASAN xidmətlə əlaqə saxlayıb. Lakin qurumun verdiyi məlumata əsasən, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu üçün təqdim edilən şəkil baş örtüksüz (hicabsız) olmalıdır. ASAN xidmətə şəkil tələblərinin İCAO tərəfindən müəyyən edilməsini bildirdikdə isə məsələni şərh etmədən DİN-ə müraciət etmək cavabı verildi.