İraqın Kərbəla şəhərindən təqribən 30 kilometr qərbdə səhranın ortasında Həzrət Əlinin (ə.s) adı ilə əlaqəli bir ziyarətgah yerləşir. Həmin məkanın ziyarətgaha çevrilməsi Həzrət Əlinin (ə.s) orada qurduğu su çeşməsi ilə bağlıdır.
Rəvayətlərə görə, İmam Əli (ə.s) öz ordusu ilə Siffeynə gəldiyi zaman döyüşçülərin suyu artıq bitmişdi. Sərkərdələrdən biri bu barədə Həzrətə məlumat verdi. İmam isə onlara bir yer müəyyən edərək oranı qazmağı əmr etdi.
Qazıntılar zamanı səhabələr böyük bir daşa çatıb dayandılar. İmam (ə.s) buyurdu: “Bu böyük daş suyun üzərindədir. Əgər o götürülsə, suyu çıxarmaq olar”.
Onlar daşı nə çıxara, nə də sındıra bildilər. İmam (ə.s) əlini daşın altına saldı və daşı yerindən oynadıb qaldırdı. Sonra isə onu bir qədər kanara atdı. Bu zaman daşın olduğu yerdən sərin su çıxmağa başladı. Həzrət Əli (ə) buyurdu: “Sudan için və ehtiyat üçün götürün“. Sonra daşı götürüb, yerinə qoydu.
Həmin tarixi hadisədən sonra sözügedən məkan ziyarətgaha çevrilib. Daşın üzərində isə günbəz inşa olunub.