Şeyx Qüdrət Mikayıl oğlu Ərkivani 1870-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. O, cənubun tanınmış din xadimi Molla Məhəmmədin atası olub.
Şeyx Ərkivani ilk təhsilini mollaxanada almış, sonra Ərdəbil şəhərinə gedib, orta ruhani təhsil verən mədrəsədə oxumuşdur. Şeyx Qüdrət, həmçinin İraqın Nəcəf şəhərinə gedərək, orada ali ruhani təhsil almışdır.
Təhsilini başa çatdırdıqdan sonra Şeyx Qüdrət doğma Ərkivana qayıdır. O, burada mədrəsə açır və yüzlərlə gəncə ibtidai təhsil verir. 1924-cü ildə indiki Cəlilabad əhalisinin dəvəti ilə Şeyx Qüdrət dini xidmətlər göstərmək üçün oraya gedir, mərkəzi məsciddə axund olur. O, dini mərasimlərdə, hüzür məclislərində şəriət qanunlarından söhbətlər edir.
Sovet dövründə, 1930-cu illərdə NKVD-yə məlumat verirlər ki, Şeyx Qüdrət Axund kolxoz əleyhinə təbliğat aparır. Şeyx sovet hökuməti tərəfindən “xalq düşməni” damğası ilə həbs olunur, lakin bir müddət sonra həqiqət üzə çıxır və o, azad edilir.
Alim ömrünün sonuna kimi Cəlilabadda yaşayır, lakin Masallı ilə əlaqəni kəsmir, tez-tez Ərkivana baş çəkir.
Şeyx Qüdrət Mikayıl oğlu Ərkivani 1960-cı ildə 90 yaşında Cəlilabadda vəfat edib və şəhər qəbiristanlığında dəfn olunub.
Mənbələr:
- Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.
- masallida.az