İlahiyyatçı Hacı Şahin Həsənli britaniyalı nazirin ölkədə baş verən hadisəni fikir azadlığı kimi dəyərləndirməsini doğru hesab etməyib. Bu barədə avqustun 18-də ruhani öz hesabında bildirilib.

Hacı Şahin hesab edir ki, bu hadisə Azərbaycan dəyərlərinə qarşı vandalizm aktıdır.

“Azərbaycanın dövlət atributu – bayrağı təhqir edilib. Heç bir fikir azadlığı bu addıma bəraət verə bilməz. İnsanlar sivil şəkildə istənilən mövzuya münasibətini bildirə bilərlər. Amma səfirliyin binasına soxularaq onun əmlakına xələl yetirmək fikir azadlığı ilə əsaslandırıla bilməz”,- deyə din xadimi qeyd edib.

Onun sözlərinə görə, hadisə ilə bağlı hərtərəfli araşdırma aparılmalıdır və bütün məlumatlar Azərbaycan dövlətinə ötürülməlidir. Bu işdə maraqlı olanlar və hər hansı məqsədi olan insanlar müəyyən olunmalıdır. Sözügedən davranış birmənalı şəkildə pislənilməlidir.

İlahiyyatçı bu insanların dinlə heç bir əlaqəsi olmadığını, eləcə də onların sadəcə dini şüarların arxasında gizlənməsini vurğulayıb.

Daha sonra Hacı Şahin insan azadlığından danışıb: “İslam dini insanların fikir azadlığına sayğı ilə yanaşır. Allah da insanı azad yaradıb, azad seçim verib. İnsan öz seçimini azad şəkildə ifadə edə bilər. Quranda da ayə var ki, dində məcburiyyət yoxdur. Dinimiz məcburi şəkildə, zorakı üsullarla öz dəyərlərini təbliğ etməyin əleyhinədir. Dini şüarlarla zorakılıq etmək dinin elementar prinsipləri ilə daban-dabana ziddir”.

Qeyd edək ki, avqustun 4-də radikal dini birləşmələr tərəfindən Azərbaycanın Londondakı səfirliyinə basqın edilib, dövlət bayrağı isə yerə atılıb.