Qazaxlar məscidi Gəncə şəhərinin Qazaxlar məhəlləsində, Təbriz küçəsində yerləşir. Məscid 1801-1802-ci illərdə Qazax rayonundan köçən tayfa üzvləri tərəfindən 1880-ci illərdə tikilmişdir. “Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası” kitabında məscidin tikintisinə yerli sakin Məşədi Allahverdi Kərbəlayı Rüstəm oğlu rəhbərlik etdiyini yazılır. Onun məzarı məscidin həyətində yerləşir.
Kərbəlayı Rüstəmin məzarından əlavə burada Paşa adlı bir kişinin də məzarı var. O, ruslar tərəfindən səbəbsiz yerə güllələnmişdir. Buna səbəb isə ermənilərin ruslara yalandan Paşanın rus əsgərinin öldürməsini deməsidir. Paşa kimsəsiz olduğundan yerli sakinlər onu məscidin həyətində dəfn etmişdilər.
Məscid kərpicdən inşa edilib və düzbucaqlı formadadır. Minbər taxtadandır və altıpilləlidir. İbadət zalında doqquz müxtəlif ölçülü pəncərə qoyulub. Əsas giriş, dərin tağlı keçidin içərisindədir. Giriş qapısı ilə üzbəüz mehrab yerləşir. Mehrabın alt hissəsində “Ya Fatimə” yazısı var. İki köməkçi giriş isə fasadın sağında və solunda yerləşir. Mehrabı əsas giriş qapısı ilə üzbəüz yerləşib. Mehrab tağvari formadadır. Gün çıxan tərəfdə isə əvvəllər gəcdən işlənmiş naxışlar olumuşdur.
1920-ci ildən buradan anbar məktəb və s. məqsədlər üçün istifadə edilib.
1991-ci ildən bu günə qədər məscid fəaliyyət göstərir. 2018-ci ildə məsciddə əsaslı təmir işləri aparılıb.
Mənbələr:
- kataloq.gomap.az
- ganjanews.az
- 525.az
- www.youtube.com
- Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, Bakı-2001.