Bir çox hədislərdə qeyd olunub ki, Allah övladlarını sevən valideynlərə rəhm bəxş edər. Övladları öpmək, onlara qarşı mehriban və rəhmli olmağın böyük əhəmiyyəti var. Peyğəmbər (s) buyurub: “O kəs ki uşağını öpər, Allah kərəmi katibinə əmr edər ki, onun kitabına həsənə yazsın”.
Digər bir hədisdə Peyğəmbər (s) buyurmuşdur: “Hər ata və ana ki oğlanlarının və qızlarının çətinliyini həll edər, Allah Qiyamət günü o ata və ananın çətinliyini həll edər”.
İmam Sadiq (ə.s) buyurub: “Allah övladlarına şiddətli dərəcədə əlaqəsi olan ata və anaya rəhm edər. Mələklər deyərlər: “Allahım! Nə xəbərdir? Ona niyə bu qədər lütf edirsiniz?”. Buyurar: “Övladlarına olan şiddətli məhəbbətinə görə””.
Övladların tərbiyəsi də, həmçinin mühüm məsələlərdəndir. Valideynlər çalışmalıdırlar ki, övladları namaz qılan, oruc tutan, halal və harama riayət edənlərdən olsun. Saleh övladlar Allah dərgahında valideynlərə savab qazandıran bir nemətdir.
Həzrət Peyğəmbər (s) buyurub: “Allah səadət qapısını saleh övladla üzünüzə açar”. Həzrət (s) həmçinin buyurub: “Allahın mömin bəndəsinə verdiyi miras – saleh övladdır ki, ata və anasının ölümündən sonra Allahın yolunu davam etdirər”.
Peyğəmbər (s) Xanım Zəhranın (s.ə) evinə gələndə əyilər və onun əlini öpərdi. Xanım Zəhra (s.ə) Peyğəmbərin (s) evinə gedəndə Həzrət (s) ayaq üstə qalxıb deyərdi: “Mənim Fatiməm! Atan sənə fəda olsun!”
İmam Səccad (ə.s) buyurur: “Müsəlman kişinin səadəti üç şeydədir: iş yeri öz şəhərində olsun ki, arvad-uşağının yanında olsun. Dostları yaxşı insanlar olsunlar. Yaxşı övlad sahibi olsun ki, atasına yardım etsin”.