Sosial şəbəkələrdə ilahiyyatçı Şeyx Cavid Məmmədovun Londonda baş verən hadisələrlə bağlı açıqladığı fikirlər yayılıb. Din xadimi baş verənləri tənqid edib və dindarları təxribata uymamağa çağırıb. Bu barədə Sirat.az xəbər verir.
Şeyx Cavidin sözlərinə görə, onun qardaşı birinci Qarabağ müharibəsində Azərbaycan bayrağı uğrunda şəhid olub. O, bir şəhid qardaşı olaraq radikal dini dəstənin dövlət bayrağımıza etdiyi hörmətsizliyi qınadığını bildirib.
İlahiyyatçı, həmçinin hadisələrin kökünün Azərbaycanın daxilində olduğunu hesab edir. Onun sözlərinə görə, ölkədə baş verən bəzi qığılcımlar dövlət bayrağının təhqir olunmasına zəmin yaradıb. Belə ki, həmin hadisələr ölkə daxilindən Londona, Yasir əl-Həbibə mövzu olaraq ötürülüb. Bu səbəbdən Şeyx Cavid araşdırılmalı olan nöqtəni, ilk növbədə, Azərbaycanın daxilində görür.
“Əsas Azərbaycanın içində olan qığılcımdır. O qığılcım haqq qığılcımı deyil. O qığılcım səbəb oldu ki, bayrağımız təhqir olunsun” , – deyə Cavid Məmmədov qeyd edib.
Şeyx Cavid, həmçinin yaxın günlərdə Yasir əl-Həbibin kimliyi barədə geniş söhbətlər edəcəyini diqqətə çatdırıb. Din xadimi Yasiri cahil insan və elm əhlindən olmayan bir şəxs adlandırıb.
Avqustun 4-də radikal dini qrup tərəfindən Azərbaycanın Londondakı səfirliyinə basqın edilib. Hücumu Xuddamul-Məhdi (Mehdinin xidmətçiləri) cəmiyyətinin törətdiyi bildirilib. Sözügedən cəmiyyətin lideri isə Yasir əl-Həbib adlı şəxsdir.
Video telegram kanalımızda.