Şeyx Əli Axund Məhəmməd oğlu Ərkivani 1872-ci ildə Masallı rayonunda, Ərkivan qəsəbəsinin Bədirli məhəlləsində anadan olub.
O, ilk dini təhsilini Ərkivanda, Molla Əbdüləli Axunddan almışdır. Sonra kənd sakinlərinin maddi yardımı ilə əvvəl Ərdəbildə, sonra isə İraqın Nəcəf şəhərində ali ruhani təhsilini başa çatdırmışdır. 1915-ci ildə Şeyx Əli Ərkivana qayıtmışdır.
Şeyx Ərkivani ömrünün 25 ilini təhsil almağa sərf edib. O, tələbəlik illərində çox vaxt fəhləliklə də məşğul olub.
Ərkinavının Bədirli məhəlləsinin məscidində baş molla kimi fəaliyyətə başlayan Şeyx Əli çətinliklərə məruz qalmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onun əmlakı dövlət tərəfindən müsadirə edilib, şəxsi evində isə sovet məktəbi açılmışdır. Əli Ərkivani beş oğul və iki qız övladı ilə birlikdə evsiz qalmışdır.
1934-cü ildə o, həbs edilmişdir. Deyilənə görə, həbsin səbəbi alimin kolxoz quruluşunun əleyhinə təbliğat aparması idi. 40 gün həbsdə qaldıqdan sonra, Şeyx Əli mədəsindən iki dəfə cərrahiyyə əməliyyatı olduğuna görə həbsdən azad olunmşdur. 1937-ci ildə onu yenidən həbs etməsinlər deyə, Axund indiki Cəlilabadın Həziabad kəndində sığınır. Daha sonra o, Lənkəranda doktor Ağaxanın evində yaşayır.
1943-1944-cü illərdə Şeyx Əli Ərkivani özünün imkanı olmadığına baxmayaraq, insanlara maddi yardım göstərməyə başlayır. O, həmçinin təmannasız olaraq imkansızlara matəm mərasimlərini keçirirdi.
Şeyx Əli Axund Ərkivani yas mərasimlərində dini mövzuların aparılması ilə yanaşı sovet hakimiyyətinə qarşı çıxış edirdi. O, öz dövrünün gənclərinə və uşaqlarına xitabən belə deyirdi: “Siz bu dövlətin dağılmasını görəcəksiniz”.
Şeyx Əli Axund 1946-cı ildə vəfat edib və Ərkivanın qəbiristanlığında dəfn olunub.
Mənbələr:
- Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.
- masallida.az