Məscid Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1019-cu ildə (1610) inşa olunub.
Məscid kvadrat formasındadır, divarları kərpicdən tikilib. İbadətgahın damı dəmir təbəqə ilə örtülüb, tavanı isə taxtadandır və 18 sütun üzərində dayanır. İbadət evinin 13 kvadrat pəncərəsi və bir qapısı var. Məscidin yeddipilləli mehrabı mövcuddur və üzərində ərəb əlifbası ilə “Allah” sözü həkk olunub. 1994-cü ildə ibadətgahda kərpicdən minarə ucaldılıb. Onun hündürlüyü 22,5 metr təşkil edir.
Məscid 1927-1989-cu illərdə anbar kimi istifadə olunub. 1989-cu ildə burada təmir işləri aparılıb və ibadətgahın fəaliyyəti bərpa olunub.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.