Bu gün, hicri-qəməri təqvimi ilə məhərrəm ayının 12-si (10 avqust) dördüncü İmam Zeynulabidinin (ə.s) şəhadətinin ildönümüdür. Tarixdə Həzrətin şəhadəti barədə bir neçə fərziyyə var. Onun məhərrəm ayının 12, 18 və ya 25-də şəhid olduğu bildirilir.

Adı Əli ibn Hüseyn, gözəl dua və ibadətlərinə görə isə ləqəbi Zeynulabidin, yəni möminlərin zinətidir. Onun digər ləqəbi isə Səccadır, bu ləqəb ona uzun səcdələrinə görə verilib.

İmam Səccad (ə.s) hicrətin 38-ci ilində Mədinə şəhərində dünyaya gəlib. Uşaqlıq illərində babası Əlinin (ə.s) hakimiyyətinin son iki ilini, sonra isə əmisi Həsənin (ə.s) imamət dövrünü görüb. Həzrət Həsəndən (ə.s) sonra imamət onun qardaşı İmam Hüseynə (ə.s) keçib. İmam Hüseyn (ə.s) Kərbəla döyüşlərində şəhadətə yetişdikdə İmam Səccad (ə.s) xəstə halda yataqda idi. Bu səbəbdən o, döyüşlərdə iştirak edə bilməyib və Kərbəla hadisələrində sağ qalan yeganə kişidir.

Atasının şəhadətindən sonra Əhli Beyt (ə.s) başda İmam Zeynulabidin (ə.s) olmaqla Şam şəhərinə, Yezidin sarayına aparılıb. O, Yezidə İmam Hüseyni (ə.s) şəhid etməklə böyük səhv etdiyini açıqlayıb və onu rüsvay edib. Sonra əsirlər Şamdan Mədinəyə köçüb və orada yaşayıblar.

İmam Hüseynin (ə.s) şəhadətindən sonra Əhli Beyt məktəbini təbliğ etmək çətinləşmişdi. İmam Səccad (ə.s) yazdığı dualarla qizli təbliğat aparırdı. Bu dualar “Səhifeyi Səccadiyə” kitabında öz əksini tapıb.

Hicrətin 94-95-ci illərində Mədinənin valisi Hişamın, bəzi mənbələrdə isə xəlifə Vəlidin əmri ilə İmamı (ə.s) zəhərləyərək şəhid ediblər. O, Mədinənin Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə.s) yanında dəfn olunub.

Mənbə: Sirat.az