Bu gün məhərrəm ayının 10-u (8 avqust) Aşura günüdür. “Aşura” ərəb dilində 10-cu deməkdir. Aşura günü İmam Hüseynin (ə.s) şəhadət günüdür. Bu gün dünya müsəlmanları İmama  (ə.s) geniş şəkildə əzadarlıq məclisləri keçirir.

Hicrətin 61-ci ilində məhərrəm ayının 10-u Kərbəla döyüşlərinin sonuncu günüdür. Neynəva adlı səhrada İmam Hüseyn (ə.s) və onun 72 səhabəsi Yezid ibn Müaviyə tərəfindən şəhid edilib. İmamın ailəsi isə əsir götürülüb. Şəhidlərin başları nizələr üstə İraqın şəhərlərinə aparılır ki, camaat bundan ibrət alsın və xəlifəyə qarşı qiyam etməsin.

Bu hadisə müsəlmanlar və xüsusilə Əhli Beyt (ə.s) aşiqləri üçün böyük faciədir. O gündən etibarən hər il məhərrəm ayı İmam Hüseynə (ə.s) əza ayı kimi qeyd olunur.

Peyğəmbər (s) hələ sağ ikən Həzrət Hüseynin (ə.s) başına gələcək müsibətlərə ağlayıb. Ummu Sələmə nəql edir: “Bir gün Peyğəmbər (s) mənim evimdə ikən Hüseyni (ə.s) qucağına alıb ağlayırdı. Ondan nə üçün ağladığını soruşdum. Həzrət buyurdu: “Cəbrail bu uşağın şəhid olacağını mənə xəbər verdiyi üçün ağlayıram.” Sonra əlimə bir az torpaq verib buyurdu: “Bu torpaq Kərbəla torpağıdır. Haçan gördün ki, bu torpaq qana döndü, bil ki, Hüseyni şəhid ediblər”.

Hüseyn ibn Əli (ə.s) hicrətin 4-cü ilinin şaban ayının 3-ü Mədinə şəhərinin Hicaz əyalətində anadan olub. İmam Hüseyn (ə.s) Əli ibn Əbu Talibin və Xanım Fatimənin (s.ə) oğlu, Peyğəmbərin (s) nəvəsi və 12 imamdan üçüncüsüdür.