Azərbaycan və Qafqazın böyük İslam alimlərindən biri Mirzə Cəfərqulu Suraxanılıdır. O, 1858-ci ildə Bakının Suraxanı qəsəbəsində dünyaya gəlib.

Mirzə Cəfərqulu ilk dini təhsilini yerli ruhanilərdən alıb. 1875-ci ildə isə gənc tələbə atasının tövsiyəsi ilə Ərdəbilin dini hövzəsinə qəbul olub. Daha sonra o, 17 il müddətində İranın Zəncan və Qəzvin şəhərlərində təhsilini davam etdirib. Bu vaxt ərzində Cəfərqulu Suraxanılı yerli fəqihlərin və xalqın hörmətini qazanıb. Bir sıra Zəncan və Qəzvin ruhaniləri məhz onun tələbələri olublar.

1892-ci ildə Mirzə Suraxanılı vətəninə qayıdıb. O, Bakının Hacı Müslim və Hacı Xasay məscidlərinin imam camaatı vəzifəsində çalışıb, orada xütbələr deyib və İslamı təbliğ edib. Sonralar alim mədrəsə inşa etdirib və dini elmlərin tədrisi ilə məşğul olub.

Sovet hakimiyyətinin Azərbaycana gəlişindən sonra bir çox din xadimləri kimi Mirzə Cəfərqulu da təqib və təzyiqlərə məruz qalıb. 1930-cu ildə sovet məmurları alimin fəaliyyət göstərdiyi mərkəzə hücum edib, mədrəsə və kitabxanasını yandırıblar. Sonra isə fəqihin mülkü müsadirə edilib və onun din xadimi kimi fəaliyyətinə qadağa qoyulub.

Bütün baş verənlər nəticəsində ruhani mənəvi sıxıntılar keçirməyə başlayıb. Nəticədə 1930-cu ildə Mirzə Cəfərqulu Suraxanılı dünyasını dəyişib.

Mənbə: aypara.tv

Şəkil: Sirat.az