Dünən, avqustun 5-də Bakının Məşədi Dadaş məscidində keçirilən əzadarlıq məclisi Londonda baş verən hadisələrə cavab olaraq dəyərləndirilir. Ziyarətçilər əllərində Azərbaycan bayrağı tutaraq İmam Hüseynə (ə.s) matəm saxlayıblar. Bu barədə Sirat.az xəbər verib.

Qafqazinfo-nun verdiyi məlumata görə, dindarlar bu addımı Londonda Azərbaycan səfirliyinə hücuma cavab olaraq atıblar. Belə ki, hücum nəticəsində Azərbaycan bayrağı dirəkdən çıxarılaraq yerə atılıb.

Buna baxmayaraq, əza məclisində İmam Hüseyn (ə.s) bayrağının dalğalanmaması tənqidlərə səbəb olub.

Qeyd edək ki, avqustun 4-də Londonda radikal dini qrup tərəfindən Azərbaycan səfirliyinə hücum edilib. Həmin şəxslərin “Xuddamul-Məhdi” cəmiyyətinin üzvləri olduğu bildirilib. Sözügedən təşkilatın lideri isə bir çox təxribatları ilə məşhur olan Yasir əl-Həbibdir.