Hicrətin 61-ci ilinin məhərrəm ayının 8-də İmam Hüseyn və Yezid ordusu arasında danışıqlar aparılıb. Həzrət döyüşün baş tutmaması və müsəlman qanlarının axıdılmaması üçün səylər göstərirdi.

İki qoşun arasında danışıqların aparılması üçün ayrıca xeymə qurulmuşdu. Danışıqlar üçün hər dəstədən 20 nəfər xeyməyə toplaşdı. İmam Hüseyn (ə.s) Ömər ibn Sədə ona qoşulmağı məsləhət verdi. O, bu halda Ömərin Allah və Rəsuluna (s) daha yaxın olacağını buyurdu. Lakin Sədin oğlu cavabında: “Qorxuram, evimi dağıdarlar”,- dedi.

Sonra İmam (ə.s) buyurdu: “Mən onu (evini) sənin üçün düzəldərəm”. Ömər isə dedi: “Qorxuram, əkin sahələrimi əlimdən alsınlar”. Həzrət bunun əvəzində ona Hicazda daha yaxşı torpaq sahələrini vəd etdi. “Ailə-uşağıma zərər dəyməsindən qorxuram”, – deyə İbn Səd cavab verdi. İmam isə Ömərin ailəsinin sağlam qalmasına zəmin olacağını söz verdi. Cavabında Ömər susdu və İmam ona belə buyurdu: “Sənə nə olmuşdur? Allah səni yatağında öldürsün və qiyamətdə bağışlamasın”.

Ömər ibn Səd Rey hakimiyyətinə sahib olmaq üçün çox çalışırdı. Lakin bu söhbətdən sonra İmam Hüseyn (ə.s) Ömərə onun Reyin bir buğdasının belə nəsib olmayacağını vəd etdi. Elə də oldu. Ömrünün sonunadək Sədin oğlu öz arzusuna çata bilmədi.