Milli Məclisin deputatı Ceyhun Məmmədov avqustun 6-da Report-a verdiyi müsahibədə Aşura günü mövzusuna toxunub. O, Azərbaycanda Aşura mərasimlərinin yüksək səviyyədə qeyd olunduğunu bildirib.

Millət vəkilinin sözlərinə görə, İmam Hüseynə (ə.s) əza saxlamaq prinsiplərində Azərbaycan öz modelini yaradıb. Belə ki, əzadarların baş yarmaq və qan çıxarmaq əvəzinə, ehtiyacı olanlara qan verməsi daha məqsədəuyğun hesab edilir.

Ceyhun Məmmədov insanların qanvermə aksiyalarında iştirakını da qiymətləndirib. “İnsanlar qan çıxarmaq yerinə qanlarını bağışlayaraq bu aksiyalarda fəal iştirak edirlər”, – deyə deputat qeyd edib.

Millət vəkili ölkədə matəm məclislərinin yüksək səviyyədə keçirilməsini vurğulasa da, inanclı insanların əksəriyyəti bu fikirlə razı deyil. Belə ki, əzadarlıq məclislərində bir sıra məhdudiyyətlər tətbiq olunur. Bu, həm yürüşlərin təşkili, həm də dini atributlardan sayılan İmam Hüseyn (ə.s) bayrağının dalğalanmasına aid edilir.

Qeyd edək ki, Aşura günü avqustun 8-nə təsadüf edir. Bununla əlaqədar ölkənin bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.