Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ziyarətgahlara din xadimi təyin olunması üçün müsahibə keçirir. Bu barədə DQİDK-ya istinadən Sirat.az xəbər verib.

Bildirilir ki, İslam dininə aid ibadət yerlərinə din xadimlərinin təyin edilməsi məqsədilə 39 vakant yer elan olunub. Mayın 24-dən iyunun 24-nə kimi vakansiyalar üzrə 270 namizəd sənədlərini təqdim edib. Namizədlərdən 215 nəfəri dini ali, 55 nəfəri dini orta ixtisas təhsillidirlər. Onların 25-i dini təhsilini xaricdə alıb.

Avqustun 2-dən müsahibə başlayıb. Gün ərzində təxminən 30-35 namizəd müsahibədən keçir. 7 üzvdən ibarət olan müsahibə komissiyası üzvlərindən hər biri namizədlərə ən çox 5 bal verə bilər. Beləliklə, 7 nəfərin verə biləcəyi maksimum bal 35-dir. Keçid balı isə 26-dır. Bir vakansiya yeri üzrə birdən çox namizəd uğurla keçərsə, həmin yerə ən yüksək bal toplayan din xadimi təyin olunur.

Qeyd edək ki, 2, 3, 4 və 5 avqust tarixlərində keçirilən müsahibədə 99 namizəddən 72-si uyğun bal toplayıb.