Hicri-qəməri təqviminin 61-ci ilinin məhərrəm ayının 7-də İmam Hüseyn (ə.s) və ailəsinin su ilə yolları bağlandı. Yezid ordusu çaya tərəf bütün yolları qapadı.

Ubeydullah ibn Ziyad Ömər Sədə məktub yazaraq əmr etdi ki, İmam Hüseynin (ə.s) su içməsinə mane olsun. Nəticədə Hücr ibn Hürün başçılığı ilə 4000 nəfər, Şəbəs bin Rabinin başçılığı ilə 1000 nəfər suyun qarşısını almaq üçün Ğazariyyəyə yollandı. Əmr bin Həccac isə 500 nəfərlə Fərat çayının qarşısını kəsdi.

Həmin gecə Kufədən İmama (ə.s) kömək üçün gələn Həbib ibn Məzahir Ömər Sədin 400 nəfərlik qoşunu ilə rastlaşdı. Onlar arasında döyüş baş versə də, Məzahir özünü İmama çatdıra bildi.

Suyun qarşısı kəsildikdən sonra Yezidin ordusundan Abdullah ibn Həsin Əzdi adlı bir şəxs İmama belə dedi: “Ey Hüseyn! Bir də bu suyu göy rəngində görə bilməyəcəksən! Bir daha o sudan içə bilməyəcək və nəhayət, susuzluqdan can verəcəksən”.

İmam Hüseyn (ə.s) cavab olaraq belə dua etdi: “İlahi! Onu susuzluqdan öldür və heç vaxt öz rəhmətini ona şamil etmə”.

Həmid ibn Müslüm deyib: “Aşura faciəsindən sonra, bir gün Abdullah ibn Həsin Əzdinin xəstələndiyini eşidib görüşünə getdim. And olsun Allaha ki, Abdullah ibn Həsin Əzdi o qədər su içirdi ki, qarnı şişir və içdiyi suyu geri qaytarırdı. Bununla belə, susuzluğu yatmır və “Susuzluqdan ölürəm!” – deyə qışqırırdı. Yenə su içir, qarnı şişir, amma sirab olmurdu. O, belə bir vəziyyətdə ikən can verdi”.