Dünən, avqustun 4-də dini birləşmələr tərəfindən Azərbaycanın Londondakı səfirliyinə basqın edilib. Səfirliyin divarlarına “Ya Hüseyn” şüarları yazılıb, Azərbaycan bayrağı isə yerə atılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan kadrlarda göründüyü kimi, səfirliyin eyvanında asılan dövlət bayrağı çırılaraq ayaqlar altına atılıb. Aksiya iştirakçıları üzərində İmam Hüseynin (ə.s) adı yazılmış bayraqlarla səfirliyin binası önündə “Ləbbeykə ya Hüseyn” şüarları səsləndiriblər.

Bir müddət sonra aksiya iştirakçıları polis tərəfindən saxlanılıblar.

Bundan əlavə, kadrlarda aksiya iştirakçıları tərəfindən dalğalanan daha bir bayraq da görünür. Bu, Yasir əl-Həbibin rəhbərlik etdiyi Xuddamul-Məhdi cəmiyyətinin bayrağıdır.

Yasir əl-Həbib əslən küveytli olsa da, 2004-cü ildə İngiltərəyə köçüb. O, peyk kanalları vasitəsilə şiə dininin təbliğatı ilə məşğuldur. Lakin əksəriyyət onun təbliğat metodu ilə razı deyil. Belə ki, o, məzhəblərarası ixtilaf yaratması və qəti fikirləri ilə tez-tez gündəmə gəlirdi. Bəziləri isə onun xüsusi radikal qüvvələr tərəfindən maliyyələşdirildiyini hesab edir.