Avqustun 5-də azərbaycanlı din xadimləri Londonda baş verən hadisəyə münasibət bildiriblər. Bu barədə Sirat.az xəbər verir.

İlahiyyatçı Hacı İlqar İbrahimoğlu öz hesabında bunun təxribat olduğunu və radikal dini birləşmələr tərəfindən həyata keçirildiyini bildirib. Belə ki, üzərində İslam rəngi olan bayrağa hörmətsizlik yolverilməzdir. Din xadimi bu bayrağın minlərlə şəhidin qanı ilə yoğurulduğunu və onun Kərbəlada belə başımızın üzərində dalğalandığını qeyd edib.

Real.tv-nin verdiyi məlumata görə, Hacı Şahin Həsənli də məsələyə birmənalı yanaşıb: “Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum etməsi birmənalı olaraq vandalizm aktıdır”, – deyə din xadimi qeyd edib. O, həmçinin səfirliyə hücum edənlərin İslamla heç bir əlaqəsinin olmadığını bildirib.

Qeyd edək ki, avqustun 4-də radikal dini qrup tərəfindən Azərbaycanın Londondakı səfirliyinə basqın edilib. Hücumu Xuddamul-Məhdi (Mehdinin xidmətçiləri) cəmiyyətinin törətdiyi bildirilir.