Bu gün, miladi təqvimi ilə avqustun 4-də Ayətullah əl-Üzma Seyyid Əli Sistaninin mövlud günüdür. Alimin 92 yaşı tamam olur. Bu barədə Sirat.az xəbər verir.

Ayətullah Sistani 1930-cu ildə iranın Məşhəd şəhərində anadan olub.

İraq şiələrinin lideri Əli Sistani dünya şiələri arasında məşhur alimlərdən biridir və ələm mərcei-təqlidlərdən hesab edilir. Seyid Sistani ibtidai və orta təhsilini Məşhəddə alıb. Orada üsul, fiqh və ilahiyyat elmlərini məşhur alim Mühəqqiq İsfahanidən öyrənib. Əli Sistani 18 yaşından təhsilini Qum şəhərində davam etdirib.

1952-ci ildə təhsilini artırmaq üçün İraqın Nəcəf şəhərinə köçüb. Orada Ayətullah əl-Üzma Seyid Xoyi, Ayətullah əl-Üzma Seyid Həkim və Ayətullah əl-Üzma Şeyx Hüseyn Hilli kimi məşhur alimlərdən təhsil alıb.

Azərbaycan şiələrinin böyük hissəsi Seyid Sistaninin müqəllidləridir. Onun “Tovhizul-Məsail” adlı izahlı şəriət məsələləri kitabı Azərbaycan dilinə tərcümə edilib. Alimin rəsmi saytında azərbaycanlı şiələr üçün ayrıca bölüm yaradılıb. Orada şəriət sualları vermək və alimin Azərbaycan dilində olan kitablarını yükləmək olar. Seyid Sistani Nəcəf şəhərində İmam Əlinin hərəmi yaxınlığında yaşayır. O, Roma Papası ilə görüşən dövrün ilk İslam alimidir.