Son zamanlar müsəlmanlar arasında Yezidə lənət oxumaq mövzusunda bir sıra suallar yaranır. Bəziləri hesab edirlər ki, Yezid xəlifə olduğuna görə onu lənətləmək günahdır. Lakin bu, belə deyil. Sirat.az məsələ ilə bağlı bir sıra məqamları diqqətinizə çatdırır.

İlk öncə Yezid ibn Müaviyənin xilafətə gəlməsi məsələsi diqqəti cəlb edir. İmam Həsən (ə.s) və Müaviyə arasında bağlanan sülh müqaviləsində növbəti xəlifənin təyini barədə şərt var idi. Müqavilədə Müaviyədən sonra xilafət başçılığının Peyğəmbər (s) ailəsinə qaytarılması, yəni İmam Həsənə (ə.s) keçməsi haqda bənd qeyd olunub. Lakin Müaviyə gələcəkdə bu şərtə əməl etmədən öz ölümündən sonra oğlu Yezidi xəlifə təyin edib. Nəticədə xilafət yenidən qəsb olunub. Bu isə Peyğəmbərin (s) şəriətinə əsasən, haramdır.

Növbəti məqam Yezidin ictimai nüfuzudur ki, müsəlmanların əksəriyyətini narahat edib. Çoxlu sayda tarixi mənbələrdə Yezid ibn Müaviyənin aşkarda günah edən, namaz qılmayan və şərab içən birisi olduğu birmənalı olaraq qeyd edilir. Şəriətə əməl etməyən və ondan xəbərsiz olan şəxsin şəriətin hökm sürdüyü məntəqəyə hökmranlıq etməsi isə İslam normalarına ziddir.

Bəs nəyə görə müsəlmanlar Yezidə beyət ediblər? Bu suala da tarix əsaslı cavab verir. Yezid müxtəlif şəhərlərə hiyləgər və zalım hakimlər təyin edirdi. Onlardan biri də Kufə valisi Ubeydullah ibn Ziyad olub. O, xəlifəyə beyət etməyənləri və İmam Hüseyn (ə.s) tərəfdarlarını zindana atır və onları qətlə yetirirdi. Qalan insanları isə dinar və dirhəmlə xəlifəyə sadiq edirdi.

Son olaraq isə Yezid Peyğəmbər (s) nəvəsini qətlə yetirdi. Lakin onun bu əməli müsəlmanlar tərəfindən müsbət qarşılanmadı. Bütün bunlardan sonra isə Yezid Kəbə evinə hücum edib onu yandırdı.

İslama və müsəlmanlara edilən bu zülmlər qarşısında “Yezidə lənət düşmür”, “İslamda lənət oxumaq yoxdur” deyən kəslər nə dərəcədə düz danışandırlar? Bu suala cavab Quran ayəsi ilə təsdiq olunur.

Bəqərə surəsi 159-cu ayədə Allah buyurur: “Kitabda (Tövrat və İncildə) insanlara aşkar etdiyimiz dəlillərdən sonra (Quranda) göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar”.