Hicrətin 61-ci ilinin məhərrəm ayının 5-də Ömər ibn Səd təqribən 16 minlik ordu ilə Kərbəlada İmam Hüseynin (ə.s) yolunu bağlamışdır.
Ubeydullah ibn Ziyad Kufə əhlini İmama yardım etməkdən çəkindirsə də, bəziləri hələ də Kərbəlaya getməyi düşünürdü. Onlardan biri də Amir ibn Əbi-Sələmə idi.
Əhalinin bir qisminin Həzrət Hüseynə (ə.s) qarşı məhəbbətini görən ibn Ziyad 500 nəfərlik qoşunla Kərbəla-Kufə yolunda nəzarəti gücləndirir. Əsgərlərə Kərbəlaya getmək niyyətində olan hər kəsi öldürmək əmri verilir.
Bütün bunlara baxmayaraq, Əbu Sələmə özünü Kərbəlaya çatdırdı və İmam Hüseyn (ə.s) ordusunda şəhid edildi.
Ubeydullah ibn Ziyadın əmri ilə Kufə-Kərbəla yolunu nəzarətə götürən məmur Şəbəs ibni Rəbəi olub. O, Peyğəmbərin (s) dövründə ona iman gətirib. Daha sonra həmin dövrdə mürtəd olub. Sonra isə yenidən müsəlman olub. Şəbəs Siffeyn muharibəsində İmam Əliyə (ə.s) qarşı da vuruşub. Sonra da İmam Hüseynə (ə.s) qarşı döyüşlərə qatılıb.