Bu gün, avqustun 3-də DİN məhərrəm məclislərinin təşkili ilə bağlı vətəndaşlara müraciət ünvanlayıb. Bu barədə nazirliyin mətbuat xidmətinə istinadən Sirat.az xəbər verir.

Bildirilib ki, məhərrəm ayında, o cümlədən Aşura günündə keçiriləcək məclislər yalnız məscid, ziyarətgahlar və onlara aid ərazilərdə təşkil olunmalıdır. Yollarda gediş-gəlişə maneə və tıxaca səbəb olacaq tədbirlərə yol verilməməlidir. Həmçinin mərasimlərin sanitariya normalarına uyğun təşkil edilməsi tövsiyə edilib.

Nazirlik öz növbəsində mərasim iştirakçılarının məscidlərə rahat gediş-gəlişi, dini ayinləri sərbəst və maneəsiz yerinə yetirmələri üçün bütün lazımi tədbirlərin görüldüyünü də qeyd edib.

Məhərrəm ayı iyulun 30-da daxil olub. Aşura günü avqustun 8-nə təsadüf edir.