Sabah, avqustun 2-dən etibarən Azərbaycanda İslam dininə aid ibadət məkanlarına vakant yerlər üzrə müsahibə başlayacaq. Bu barədə DQİDK-ya istinadən Sirat.az xəbər verir.

Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasında keçiriləcək. İmtahanı keçirən komissiyanın 7 nəfər ilahiyyatçıdan ibarət olduğu bildirilib.

Hazırda 39 vakant yer üzrə 270 namizədin sənədi qəbul olunub. Məlumata görə, hər gün 30-35 namizədin müsahibədə iştirakı nəzərdə tutulub. Nəticələr 5 iş günü ərzində Komitənin internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Müsahibə bitdikdən 30 gün sonra isə seçilmiş namizədlər ibadət yerlərinə din xadimi olaraq təyin olunacaqlar.

Həmçinin bildirilib ki, müsahibədən uğurla keçən, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində ehtiyat kadr kimi saxlanılacaqlar.

Qeyd edək ki, mayın 24-də 39 İslam dininə aid ibadət məkanına vakant vəzifələr elan olunub. Mayın 24-dən iyunun 24-dək isə vakant vəzifələrə sənəd qəbulu aparılıb.