İyulun 31-də Bakının Binə qəsəbəsində polis və inanclı şəxslər arasında insident yaşanıb. Buna səbəb isə qəsəbə sakininin evinin divarından “Ya Hüseyn, Ya Abbas” yazısının silinməsi olub. Sirat.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, dünən Şəhla Fərəcova adlı qəsəbə sakininin evinə polislər gələrək ondan evin hasarındakı yazının silinməsini və dini şüarlı bayrağın salınmasını tələb ediblər. Bununla razı olmayan və müqavimət göstərən ev sahibi polis şöbəsinə götürülüb.
Şəhla Fərəcovanın sözlərinə görə, şöbədə olarkən polis əməkdaşları ona qarşı nalayiq ifadələr işlədərək qadının çadrasını cırıblar. Evin hasarındakı yazı isə polis tərəfindən silinib.
Yayılan məlumata əsasən, divardakı yazılar inanclı şəxslər tərəfindən bərpa olunub. Hazırda Şəhla Fərəcovanın evinin qarşısında yenidən polislərin və qəsəbə bələdiyyəsi əməkdaşlarının toplaşdığı bildirilib.