“Məhərrəm ayı haram aylardan sayılır və bu ayda yalnız müharibə etmək qadağandır. Sadəcə olaraq biz Məhərrəm ayını İmam Hüseynin və onunla birgə olanların şəhadətinə görə dərin ehtiramla keçiririk”, – deyə Heydər məscidinin axundu Hacı Rüfət Qarayev bildirib. Bu barədə Oxu24-ə istinadən Sirat.az xəbər verib.
O qeyd edib ki, ayların hamısı eynidir, ayı dəyərli edən həmin ayda olan ağır hadisələrin olmasıdır. İmam Hüseyn və 72 şəhid, xüsusilə onlar arasında Azərbaycandan da olan iki şəhidin olması ruhaniyyətlərə olan ehtiramdır. Necə ki, insanlar Xocalı hadisəsinin il dönümü günü toy, şənlik etmirsə, bu günlər də daha ağır, dərin faciədir.
“Bu aylarda qurban kəsmək olarmı?” sualına axund bunların özü-özlüyündə haram, günah olmadığını söyləyib. “Məsələn, bir ad günü şənliyi öz axarından çıxırsa, çalğı ilə, musiqi ilə, fişəng atmaqla və s. keçirilirsə bu doğru deyil. Bu ayın hörməti, ağırlığı var. Biz öz əzizimiz dünyasını dəyişəndə necə onun ruhuna ehtiram olaraq Quran oxutdurub, dua edib, ehsan veririksə bu günlərdə də eynisini edə bilərik”, – deyə o əlavə edib.
Hacı Rüfətin sözlərinə görə, bu ayların ehtiramını saxlayanlar iman sahibləridir. “Bu baxımdan Allahın Rəsulu (s) buyurur ki, Hüseyn məndəndi, mən də Hüseyndənəm. Əgər İmam Hüseyn adına süfrə açılıb orada bir plov bişiriləcəksə, həmin gün uşağın da doğum günüdürsə, burda heç bir problem yoxdur. Onsuz da normalda da, bir toyda, məclisdə spirtli içki varsa, o haramdır. Kişi və qadın olan bir yerdə istənilən formada normativlər qalxırsa, şəriətin ölçüləri qalxırsa bu haramdır. Bu istər Məhərrəm ayında olsun, istər başqa aylarda”, – axund qeyd edib.