İyulun 28-də Təzə Pir məscidinin mürdəşirlərindən gördükləri peşə barəsində müsahibə götürülüb. Bu barədə sonxeber.az-a istinadən Sirat.az xəbər verib.

Hazırda məsciddə dörd mürdəşir fəaliyyət göstərir. Onlardan ikisi ilə söhbət edilib. Biri 16 ildir ki, meyit yuyan İntiqam kişi, digəri iə 16 il bu peşənin sahibi olan Nəzakət xanımdır. Kişi mürdəşirin sözlərinə görə, o, bu peşəyə işsizlik üzündən gəlib. Nəzakət xanım isə bu peşəni qayınanasından, Təzə Pirin əvvəlki mürdəşirindən öyrənib.

Mürdəşir olmağı istəməmişəm. Bekar qalmışdım evdə. Zəng elədilər ki, belə iş var, işləyə bilərsən? Mən də dedim, niyə işləyə bilmirəm. Təzə başlayanda heç nə bilmirdim. Gəldim, elə üstündən 3-4 saat keçməmiş cənazə gəldi. Yaxşı-pis yola verdim, ilk dəfə idi. Düzü, birinci çəkindim. Ondan sonra isə yavaş-yavaş alışdım”, – deyə İntiqam kişi sözləyib. O, həmçinin qüsl verdiri meyitlər arasında cinsi azlıq nümayəndəsinin olmadığını və heç vaxt ölünün dirilmə hallarını görmədiyini də əlavə edib.

Bundan əlavə, İntiqam kişi məşhur insanlara qüsl verdiyini bildirib. “Tanınmış insanlardan Anar Məmmədxanlı, Səyavuş Aslan, Yaşar Nuri, “Məzi” (Elçin Həmidov), Qədir Rüstəmov və xatırlamadığım bir çoxunu yumuşam. İlhamə Quliyeva da Təzə Pir məscidində yuyulub. Onu da Nəzakətin qayınanası yuyub”, -deyə mürdəşir əlavə edib.

Mürdəşirlər, həmçinin gördüyü işlərinin qazancından danışıblar. Onlar əmək haqqı və hər meyitin yuyulmasına görə 50 manat ödəniş aldıqlarını qeyd ediblər. Lakin kimsəsizlər təmənnasız yuyulurlar.

Bundan əlavə, ölüləri məsciddə saxlamaq da olar. Bunun üçün günlük 20 manat ödəniş olunur. Mürdəşirin sözlərinə görə, bu, adətən, gecə saatlarında gətirilən ölülər üçün sərfəlidir ki, səhərə kimi məsciddə qalsın.

Son olaraq İntiqam kişi hər kəsin meyit yumağı bacarmalı olduğunu deyib. Belə ki, mürdəşirlik anlamı 1980-cı illərdən sonra ortaya çıxıb. Bundan öncə hər kəs öz meyitini özü yuyurdu. “Mürdəşirliyi hamı bacarmalıdır. Birdən elə yerə düşərsən, çıxılmaz vəziyyətdə qalarsan. Elə bir yer də ola bilər ki, ölünü yumaq üçün su olmaz. O zaman onu torpaqla yumaq, qüsl vermək lazımdır. Əgər kəfən də yoxdursa, paltarıyla dəfn edilməlidir”, – deyə İntiqam kişi əlavə edib.

Foto: APA.az