“Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və onun əmrinə yaxşı tərzdə təslim olun (riayət edin)” [Əhzab surəsi 56-ci ayə].
Salavatın faydaları barədə bir çox hədislər var. Bu məqalədə Sirat.az salavatın axirət bəhrələri mövzusuna toxunacaq.
Əhli-Beytdən (ə.s) nəql olunur ki, axirətdə üç üstün əməllərdən biri Peyğəmbərə (s) salavat göndərməkdir.
Salavat göndərənin günahları bağışlanar. Belə ki, Peyğəmbər (s) buyurub: “Hər kim hər gün mənə məhəbbətlə 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını həmin gündə və ya həmin gecədə bağışlayar”.
Qiyamət günü salavat yaxşı əməllərə çevrilər. Peyğəmbər (s) buyurub: “Qiyamət günü mən əməl tərəzisiyəm. Yəni o kəsin ki, pis əməlləri yaxşı əməllərindən ağır gələr, mən, mənə göndərdiyi salavatları gətirərəm, tərəzinin savab gözünə qoyaram ki, savab gözü ağır gəlsin”.
Salavat göndərənə behişt vəd olunur. Həzrət (s) buyurur: “Hər kim hər gün mənə 1000 dəfə salavat göndərərsə, dünyadan getməmiş behiştdəki yerini görər”.
Salavat şəfaət mənbəyidir. Peyğəmbər (s) İmam Əliyə (ə.s) buyurub: “Ey Əli! Hər kim mənə hər gündüz və gecə salavat göndərərsə, şəfaətim onun üçün vacib olar”.
Qiyamət gününün susuzluğunu aradan aparar. Allah Taala Həzrət Musaya (ə.s) vəhy edir: “Ey Musa! Qiyamət gününün susuzluğunun səni əhatə etməsini istəmirsənmi?”. Deyir: “Bəli, istəmirəm”. Allah buyurur: “Bu gün dünyada mənim həbibimə salavat göndər ki, sabah Qiyamətin susuzluğundan amanda olasan”.