Ayətullah əl-Üzma Hacı Şeyx Məhəmməd Əli Naxçıvani Nəcəfi 1852-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Nəcəfdə və Məşhəddə məşhur alimlərdən biri idi.
Hacı Şeyx Məhəmməd Əli Naxçıvani ərəb ədəbiyyatı və bu dildə olan bəzi kitabları oxuduqdan sonra müqəddəs məkanları ziyarət etmək üçün Nəcəf şəhərinə səfər edir. Vətənə qayıtdıqdan sonra o, Təbriz şəhərinə yollanır. Hacı Şeyx Məhəmməd Əli orta təhsilini orada aldıqdan sonra, 1869-cu ildə Nəcəf şəhərinə köçür və ali fiqh dərsini fəqih Mirzə Məhəmməd Şərəbyaninin yanında alır. O, həmçinin Fazil İrəvani, Şeyx Məhəmməd Hüseyn Kazimi və Muhəqqiq Rəştinin təşkil etdikləri usül və fiqh dərslərində iştirak edir. Hacı Şeyx Məhəmməd Əli ustadı Fazil İrəvani vəfat etdikdən sonra onun dərslərini bəzi tələbələrə tədris etməyə başlayır. Bundan əlavə, onun digər ustadı Fazil Şərəbyaninin vəfatından sonra Qafqazda, xüsusilə Azərbaycanda şiələrin mərcəyi-təqlidi olub.
Hacı Şeyx Məhəmməd Əli Naxçıvani 1905-ci ildə Nəcəf şəhərində mədrəsə açıb və orada dərs deməyə başlayıb.
Şeyx Məhəmməd Məhdəvi Kaziminin “Əhsənul-vədiyyə” kitabında onun haqda yazıb: “Şeyx Məhəmməd Əli Naxçıvani məşhur elm və kamal sahibi olub, fiqh və üsul elmlərini kamil surətdə bilirdi. Hədis və rical elmində son dərəcə məharətli idi. Gözəl əxlaqı, xoş xasiyyəti dillərdə əzbər idi. Ruhunun paklığı ona xas bir nuraniyyət bağışlamışdı. Fani dünyadan üz çevirmişdi. Əhli-beyti son dərəcə məhəbbətlə, ehtiramla ziyarət edər, İmam Hüseyn (ə.s) və onun məzlumiyyətinə an ağlayardı. Məhz bu eşq və məhəbbətin səbəbi ilə hər gün sübh namazından sonra “Aşura” ziyarətnaməsini oxuyur və o qədər ağlayırdı ki, özündən gedər, naləsi göylərə qalxardı”.
Onun əsərləri sırasında “Şeyx Ənsarinin “mətacir” kitabında haşiyə”, “Xiyari-eyb kitabına haşiyə”, “Şərayətul-islam kitabına haşiyə”, “Təharət” və “Risaleyi-məsail” kitablarına şəhr”, “Risaleyi-müqəddəmə və vacib”, “Əddatul-hüseyniyyə”ni qeyd etmək olar.
Hacı Şeyx Məhəmməd Əli Naxçıvani 1916-cı ildə Kərbəlada vəfat edib və Nəcəfdə İmran məscidinin həyətində dəfn olunub.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.