Beşbarmaq ziyarətgahı kimi tanınan Xıdır Zində pirindən yığılan nəzir pullarının hara sərf olunması açıqlanmır. Pirin məscidində xidmət göstərən şəxs isə bu barədə ətraflı məlumat verməkdən çəkinir. Bu barədə iyulun 27-də Bizim.Media-ya istinadən Sirat.az xəbər verib.

Məlum olduğu kimi, pirdə ziyarətçilərin ibadət etməsi üçün məscid fəaliyyət göstərir. Burada ianələrin verilməsi üçün nəzir qutuları da qoyulub. Lakin orada toplanan pulların hansı məqsədlərlə istifadə olunması məlum deyil. Bu barədə məscidin din xadimi Mirsaleh Həsənova müraciət edilib. Onun sözlərinə görə, bu pullar pir ətrafındakı yollar və ərazinin abadlaşdırılması üçün istifadə olunur. Din xadimi əlavə sualların verilməsi üçün Siyəzən rayon icra hakimiyyətindən və Dövlət Turizm Agentliyindən icazə almağı məsləhət görüb.

İcra hakimiyyətindən verilən məlumata görə, məscid nə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, nə də QMİ qeydiyyatında deyil. Belə ki, məscid 2011-ci ildə Rusiyada yaşayan iş adamlarının və sabiq vergilər naziri Fazil Məmmədovun dəstəyi ilə inşa edilib. Nəticədə məlum olur ki, insanların verdiyi ianələrin hara sərf edilməsinə heç kim cavabdeh deyil.

Beşbarmaq piri Bakı-Quba yolunun 95-ci km-də, Siyəzən rayonu ərazisində yerləşir. Rəvayətlərə görə, eramızdan əvvəl bu yerdə Xıdır (ə.s) adlı övliya (Allah dostu) yaşamışdır. Quranda, Musa Peyğəmbərin (ə.s) əhvalatında Xıdır hikmətli bir şəxs kimi göstərilir. Onun qeybdə olması və bu günədək yaşaması bildirilir. Bəzi rəvayətlərdə Xıdırın Peyğəmbər olması qeyd olunub.