Ömrünü Nəcəf şəhərində keçirmiş əslən Bakılı olan alim Ayətullah Şeyx İbrahim Badkubeyi XIX-XX əsrlərdə yaşayıb. Gənc yaşlarından o, Nəcəf hövzəsində dini təhsil alıb. Şeyx İbrahim imkanlı və alimlər arasında nüfuzlu bir şəxs olub.

Şeyx Badkubeyi mərhum Ayətullah əl-üzma Fazil Şərabiyanidən dərs alıb. İctihad dərəcəsinə yüksəldikdən sonra alim özü dərs deməyə başlayıb. O, tələbələrə dinin orta məsələlərini tədris edib. Bir müddət sonra Şeyx İbrahim İmam Əlinin (ə.s) hərəminin eyvanında camaat namazına imamlıq etməyə başlayıb.

Ayətullah Badkubeyinin fars dilində “Ənis əl-ibad” adlı şəriət risaləsi olub. O, orada sual-cavab formasında insanlara şəriət məsələlərinin izahını verib.

1903-cü ildə Şeyx İbrahim sidik kisəsi xəstəliyinə tutulub. Bu səbəbdən o, İraqın Bağdad şəhərinə, müalicəyə yollanıb. Cərrahiyə əməlyatından biraz əvvəl Ayətullah Badkubeyi fəvat edib. Onun vəfatı tarixi barədə bir neçə fikir var. Ağa Büzürg Tehraninin “Nüqaba əl-Bəşər” kitabında alimin miladi təqvimi ilə 1903-cü ildə vəfat etməsi qeyd olunub. Lakin “əl-Zəriyə ilə tənasif əl-şiə” kitabında isə vəfat tarixi 1905-ci ilə aid edilib.

Məbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Natiq Rəhimov. Azərbaycanın din alimləri. Bakı-2014.