Ağdamın işğaldan azad edilən ərazilərində Cümə məscidindən sonra Qiyaslı kənd məscidinin təmir-bərpa işlərinə başlanılıb. Bu barədə Sirat.az xəbər verib.

Uzun müddət kəndin ərazi nümayəndəsi işləmiş Sərxan Rüstəmov Bizim.Media-ya Qiyaslı məscidi haqqında yeni məlumatlar təqdim edib.

Qiyaslı kənd məscidi 1898-ci ildə kəndin imkanlı şəxsləri tərəfindən inşa edilib. Minarənin inşası isə müəyyən səbəblərə görə 10 ilə qədər gecikib. İbadətgahın inşa layihəsi Ağdam Cümə məscidi ilə eynidir. Yeganə fərq ondadır ki, Cümə məscidi Qiyaslı məscidindən hündür olub.

1929-1932-ci illərdə ibadət evi kolxozun inzibati binası kimi istifadə edilib. Məscidin bir otağı kolxoz sədrinin, digər otağı kolxozun mühasibinin ofisinə çevrilib. İbadət zalı isə anbar kimi istifadə olunub.

1960-1970-ci illərdə İbadət evi kənd mağazası, 1985-1989-cu illərdə isə “Yaşıl aptek” kimi fəaliyyət göstərib. Nəhayət, 1989-cu ildə məscidin fəaliyyəti yenidən bərpa edilib. Həmin dönəmdə ibadət evi kənd sakinləri tərəfindən təmir olunub. Bir neçə gün ərzində isə ora 18 ədəd qədim xalça bağışlanıb.

Təmirdən sonra, 1990-cı ildə ibadətgahda 20 Yanvar qurbanlarına həsr olunmuş ilk tədbir keçirilib.

Məscidin sonrakı taleyi də yaxşı olmur. Kənd işğal olunandan sonra məscid düşmən tərəfindən qarət olunaraq tamamilə dağıdılıb. Erməni vandalları Allahın evini inək və donuz saxlamaq məqsədilə istifadə ediblər. İkinci Qarabağ müharibəsindən sonra ermənilər rayonu tərk edərkən məscidi yandırıblar.

27 illik işğaldan sonra ibadətgah, nəhayət, azad olunub və hazırda burada təmir-bərpa işləri görülür.

Qeyd edək ki, ibadət evi 2 avqust 2001-ci ildə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.