2022-2023-cü tədris ilinin başlanması ilə ABŞ-nin Pensilvaniya ştatında məktəb tətilinə Fitr bayramı əlavə ediləcək. Bu barədə İQNA-ya istinadən Sirat.az xəbər verib.

Bildirilir ki, bu tədbirin təşəbbüskarı “South Council Rock” liseyinin şagirdi İman Əziz olub. O, məktəbin tətillər təqviminə Fitr bayramının əlavə edilməsi üçün idarə heyətinə müraciət edib.

“Bu bayram müsəlmanlar üçün mühüm bayramdır. Onu layiqincə qeyd etmək üçün bir çox şagird bu gün məktəbə getmir. Bir gün dərsə getməsəniz, ev tapşırığını yerinə yetirməlisiniz. Nəticədə bir çox tələbə o günü tətil etməyərək məktəbə getməyə üstünlük verir. Çünki dərsləri buraxmaqdan stres keçirirlər”, – deyə müraciətdə bildirilir.

Bu müraciət nəticəsində bir çox məktəblər sözügedən bayramı tətil təqvimlərinə əlavə etməyə başlayıb.

Qeyd edək ki, ABŞ-də İslam xristianlıq və yəhudilikdən sonra üçüncü ən çox yayılmış dindir. Pensilvaniyada müsəlman əhalinin sayı 634 min nəfər təşkil edir. Pensilvaniya ən çox müsəlman əhalisi olan 10 ştatdan biri sayılır.