İslam şəriətinə əsasən, cunub halında olan şəxs məscidə daxil ola bilməz. Belə ki, bunun üçün mütləq şəkildə qüsl və ya təyəmmümlə paklanmaq lazımdır.
Cunub olmuş şəxs Məkkədəki Məscidul-Həram və Mədinədəki Peyğəmbər (s) məscidinə heç bir halda girə bilməz. Bu, hətta məscidin bir qapısından girib digər qapısından çıxmaq üçün edilsə belə, qadağandır. Digər məscidlərin içindən ötüb keçmək isə olar. Lakin ibadətgahın daxilində dayanmaq olmaz.
Həmçinin məscidin içindən nəyisə götürmək və ya ora hər hansı bir əşya qoymaq qüslsüz şəxsə günahdır. İbadət evinin daxilinə əşya qoymaq məscidin içərisinə daxil olmadan belə edilsə, haramdır.
Vacib ehtiyata əsasən, məsum İmamların (ə.s) hərəmlərinə məscid hökmü şamil olunur. Lakin hərəmin meydanları məscid sayılmırsa, oraya cunub halda daxil olmaq olar.
Qeyd edək ki, cunub olmuş şəxsə bir sıra digər şeylər də qadağandır:
- Bədənin hər hansı bir hissəsini Quranın yazısına toxundurmaq;
- Vacib ehtiyata əsasən, bədənin hər hansı bir hissəsini hansı dildə olmasından asılı olmayaraq, uca Allahın müqəddəs adına toxundurmaq;
- Vacib səcdəsi olan ayələrdən hər hansı birini oxumaq.
*Yuxarıdakı hökmlər Ayətullah əl-Üzma Seyyid Əli Sistaninin risaləsindən qeyd olunub.