Bu gün, hicri-qəməri təqvimi ilə zilhiccənin 25-i (25 iyul) İnsan surəsinin nazil olduğu gündür. İnsan surəsinin 5-22-ci ayələri Əhli Beytin (ə.s) şəninə nazil olub.
İnsan surəsinin 5-10-cu ayələrində Allah buyurur: “Onlar elə kəslərdir ki, etdikləri nəzirə vəfa edər və əzab bürüyəcək gündən qorxarlar. Onlar öz iştahları çəkdiyi, özləri yemək istədikləri halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi yalnız Allah razılığından ötrü yedirdir və sizdən nə bir mükafat, nə də təşəkkür istəyirik. Həqiqətən, biz çox sərt və çətin bir gündə Rəbbimizdən qorxuruq!””
İbn Abbasdan nəql olunan hədisdə deyilir ki, bir gün Həzrət Həsən və Hüseyn (ə.s) xəstələnmişdi. Peyğəmbər (s) səhabələri ilə onlara baş çəkməyə gəldi. Onlar İmam Əliyə (ə.s) uşaqların şəfa tapması üçün oruc tutmağı nəzir etməsini təklif etdilər. Həzrət Əli bu təklifi qəbul etdi. İmamın evindəki qulluqçu Fizzə də oruc tutmağı nəzir etdi. İmam Əlinin (ə.s) evində ərzaq olmadığından o, borca 10 kiloqram un aldı. Xanım Zəhra (s.ə) unun üçdə bir hissəsindən çörək bişirib, iftar süfrəsinə qoydu.
İftar zamanı qapıya yoxsul şəxs gəldi və ac olduğunu dedi. “Mənə də yeməyə bir şey verin. Allah sizə cənnət süfrələri nəsib etsin!”, – yoxsul dedi. Bu sözləri eşidən Əhli Beyt (ə.s) düşünmədən süfrədə olan çörəklərin hamısını ona verdi. Özləri isə gecəni su içməklə keçirdilər. Səhəri gün Fatimeyi-Zəhra (s.ə) yenə də çörək bişirərək, iftar süfrəsi açdı. Bu dəfə də qapı döyüldü və bir yetim onlardan yemək istədi. Onlar süfrədəki təamları ona verib, özləri yenə də su ilə iftar etdilər. Üçüncü gecə isə qapıya əsir gəldi və qalan təamlar ona verildi.
Səhər Peyğəmbər (s) İmam Əlini (ə.s) Həsən və Hüseynlə (ə.s) halsız vəziyyətdə gördükdə təsirləndi. Rəsuli-Əkrəm onların evinə gedib qızı Fatimənin (s.ə) halsız vəziyyətdə ibadət etməsini görəndə pis olmuşdu. Bu zaman Cəbrail nazil olub dedi: “Ey Mühəmməd! Allah səni belə bir Əhli Beytin olduğuna görə təbrik edir”. Sonra isə Həl-əta surəsi nazil edildi (“Peyami-Quran”, 7-ci cild, “Həl-əta” surəsinin təfsiri).