Bu gün, zilhiccə ayının 24-dü (24 iyul) Mübahilə günüdür. Mübahilə İslam Peyğəmbərinin (s) nübuvvətini isbat etdiyi gündür.

Peyğəmbər (s) Mekkəyə gəldikdən sonra İslam sürətlə yayılmağa başlayıb. Yeni dini qəbul etmək istəyənlər Peyğəmbərin (s) hüzuruna gəlib, münazirə (elmi bəhs) edirdilər. “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et”, – Nəhl surəsi 125-ci ayə.

Müzakirələr üçün məsihi rahiblər də Həzrətin (s) yanına gəlirdilər. Rəsuli Əkrəmin (s) məsihilərlə mübahisəsi fayda vermədikdə ayə nazil olub. “Hər kəs sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib yalançılara Allahdan lənət istəyək”, Ali İmran surəsi 61-ci ayə.

Rəsulallah (s) İmam Əlini (ə.s), İmam Həsəni (ə.s), İmam Hüseyni (ə.s) və Həzrət Fatiməni (s.ə) özü ilə meydana apardı və buyurdu: “Mən dua etdikdə, siz də amin deyin!”.

İmam Sadiq (ə.s) Nəcran xaçpərəstlərinin Peyğəmbərin (s) yanına gəlib belə dediklərini buyurub: “Əgər mən doğru danışanamsa lənət və nifrin sizi tutacaq və əgər yalançı olsam lənət və nifrin məni tutacaq”. Xristianlar Peyğəmbərin ailəsi ilə gəlməsini gördükdə, qorxdular və mübahilədən imtina etdilər. Onlar dedilər ki, əgər Məhəmməd (s) yalan danışsa idi ailəsini təhlükəyə atmazdı. Məsihilər Peyğəmbərdən (s) mübahiləyə görə üzr istədilər. Beləliklə, Allahın Rəsulu (s) cizyə əsasında onlarla razılaşdı və onlar dağılışıb getdilər.

Allah-taala mübahilə ayəsində İmam Əlini (ə.s) Peğəmbərin özü kimi tanıtdırıb. Bu da Əlinin ən üstün insan, ismət və başqa sifətlərdə Peyğəmbərlə bərabər oduğunu aydın edir (Əl-İrşad, cild 1, səh. 170). Sözügedən məsələ əhli-sünnə mənbələrində də öz təsdiqini tapır. Belə ki, əhli-sünnə alimi Zəməxşəri belə yazır: “Bu ayə Əhli-Beytin yüksək məqamına dəlalət edir və ondan tutarlı bir dəlil yoxdur” ( Kəşşaf təfsiri, cild 1, səh. 397).