Məşhur azərbaycanlı jurnalist Vüsal Məmmədov ateist olmasına baxmayaraq Şuşa məscidində namaz qılacağına söz verib. Bu barədə iyulun 22-də jurnalist öz hesabında paylaşım edib.
Məscidin qarşısında şəkil çəkdirən Vüsal Məmmədov onun təmirdən çıxmasını gözlədiyini bildirib. “Sözümüz sözdür: Təmir bitsin, burada namaz qılacağam”, – deyə jurnalist qeyd edib.
Vüsal Məmmədov “Azvision.az” saytının baş redaktoru vəzifəsində çalışır. O, ateist olması ilə əlaqədar tez-tez gündəmə gəlirdi. Belə ki, müharibə vaxtı Məmmədov belə qeyd etmişdi: “Hamı bilir ki, ölkədə bəlkə də ən qatı ateistlərdən olmuşam. Fikrimi dəyişdiyimi də demirəm. Amma mənim əsgərim azad etdiyi Vətən torpağımda azan verirsə, namaz qılırsa, başıma dəysin mənim ateistliyim. Fərqi yoxdur, haqlıdır ya haqsız – əgər din Əsgəri qabağa aparan qüvvədirsə, eşq olsun o dinə! Əsgərim nə edirsə, düz edir! Heç bir dindar məni dinə hörmətlə yanaşmağa məcbur edə bilməmişdi, amma əsgərim elədi!”
Qeyd edək ki, müharibə dövründə də mətbuat işçisi torpaqların işğaldan azad ediləcəyindən sonra Şuşada namaz qılacağına söz vermişdi.