İyulun 22-də QMİ sədri Allahşükür Paşazadə Gürcüstana səfəri çərçivəsində ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüş keçirib. Bu barədə qafqazislam.com xəbər verib.
Görüşdə Baş nazir Şeyxülislamı gördüyünə çox şad olduğunu bildirib. “Xatırlayıram ki, bir neçə il əvvəl tanış olmuşuq, çox gözəl söhbətimiz olub. Şadam ki, siz bu gün Tbilisidə bizə yenidən baş çəkmisiniz”, – deyə Qaribaşvili qeyd edib.
Allahşükür Paşazadə isə öz növbəsində belə buyurub: “Mən siyasətçi deyiləm, amma Qafqazda bu iki qonşu ölkənin münasibətlərinin siyasi, iqtisadi, mədəni, dini və digər istiqamətlərdə yüksək səviyyədə olması birmənalı olaraq diqqət çəkir”.
Həmçinin Gürcüstan hökümətinin ölkənin müsəlman icmalarına yardımı haqda danışılıb. Qaribaşvilinin sözlərinə görə, hazırda ölkədə 300 məscid fəaliyyət göstərir ki, onların 228-i müsəlmanların mülkiyyətinə verilib. Bundan əlavə, müsəlmanlar üçün mərkəzi qərargah inşa etdirmək üçün 1300 kvadratmetrlik torpaq sahəsi də ayrılıb.
QMİ sədri Gürcüstana 2017-ci ilin aprelində də səfər etmişdi. Səfər çərçivəsində o, Ümumgürcüstan Katolikos-Patriarxı II İliya, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə görüşüb.