Mirzə Əbu Turab Axundzadə Azərbaycanın tanınmış İslam alimlərindən bir idi. O, 1815-ci ildə Bakının Əmircan kəndində anadan olub. “Əbu Turab” ləqəbi “torpaq atası” mənasını daşıyır. Onun əsl adı isə məlum deyil.
Əbu Turab ilk təhsilini o zaman Bakının Mirzə Həsib Qüdsinin mədrəsəsində alıb. Təhsilini davam etdirmək üçün alim indiki Səudiyyə Ərəbistanına yollanır. Əbu Turab təhsilini Ərəbistanın Mədinə şəhərində bitirir. Tələbəlik illərində Axundzadə Məkkə ziyarətinə də yollanır. Axund Mirzə Əbu Turab Axundzadə Mədinədə təhsil almış ilk azərbaycanlı alimlərdən biridir. Daha sonra isə Mirzə Abu Turab Bağdadda ali ruhani məktəbini bitirib, riyaziyyat, coğrafiya, ədəbiyyat, məntiq və s. elmləri, həmçinin ərəb, fars, türk və rus dillərini bilib. Azərbaycanda isə din xadimi Əmircan məscidində ruhanilik edib.
1845-1846-cı illərdə alim iki dəfə Tiflis şəhərinə dəvət olunub, Qafqaz canişini Vorontsov və Zaqafqaziya Şeyxulislamı Axund Məhəmmədəli tərəfindən ona Bakı vilayət qazısı vəzifəsi təklif olunur. Lakin o, bu vəzifədən imtina edir.
Əbu Turabın təşəbbüsü ilə kənddə ilk qızlar mədrəsəsi açılıb. 1901-ci ildə alim öz qızını Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə açılan qızlar məktəbinə qoyub.
Axund Mirzə Əbu Turabın 1907-ci ildə “Həyat” qəzetində, sonra isə Tiflisdə kitabça şəklində çap olunmuş “Bizə hansı elmlər lazımdır” məqaləsi həmin dövrdə müxtəlif mübahisələrə səbəb olub.
Axundzadə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dost olub. Tağıyev öz faytonundan istifadə etməyə icazə verdiyi yeganə insan Əbu Turab idi. Hacı Zeynalabdin Tağıyev ölərkən vəsiyyət etmişdi ki, onu Axund Əbu Turabın qəbrinin ayaq tərəfindən dəfn etsinlər. Tağıyev demişdir: “Onun ayağının bildiyini mənim başım da bilmir”. O, vəsiyyətinə uyğun olaraq dəfn olunub.
Mirzə Əbu Turab 1908-ci ildə vəfat edib. O, Bakının Mərdəkan qəsəbəsində, Pir-Həsən qəbristanlığında dəfn olunub. 1910-cu ildə xeyriyyəçi Murtuza Muxtarov alimin məzarı üzərində məqbərə inşa etdirib.
Mənbələr:
- Qılman İlkin. Bakı və Bakılılar. Bakı-2006.
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.
- anl.az
- scwra.gov.az
- kaspi.az