Bir gün İmam Baqir (ə.s) oğlu İmam Sadiqlə (ə.s) meydanda yerdə oturmuş bir dəstə insan görüb. İmam onlara yaxınlaşıb və burada nəyə görə yığışdıqlarını soruşub. Onlar cavab verdilər ki, keşiş və rahiblər ildə bir dəfə yepiskopun iştirakı ilə elmi məclis keçirirlər.
İmam Baqir (ə.s) özünü tanıtmadan bu məclisə qoşulur. Bir az sonra qoca bir yepiskop məclisə daxil olur və ədəblə məclisin yuxarı başında əyləşir. Yığılmış camaatı nəzərdən keçirərkən onun diqqətini Həzrət Baqir (ə.s) cəlb edir. O, İmamdan soruşur:
“Müsəlmanlardansan, ya xristianlardan?”
İmam Baqir (ə.s) cavab verir: “Müsəlmanlardanam”
- Alimlərdənsən, yoxsa nadanlardan?
- Nadanlardan deyiləm.
- Əvvəl mən sual verim, yoxsa sən?
- İstəyirsinizsə, siz soruşun.
- Hansı əsasa görə siz müsəlmanlar iddia edirsiniz ki, cənnət əhli yeyib-içəcək, ancaq onlardan ifrazat xaric olmayacaq? Bu məsələyə dair bu dünyada aşkar bir nümunə varmı?
- Bəli, bu məsələnin aşkar nümunəsi ana bətnində olan uşaqdır. O, anasının qarnında qidalanır, ancaq ondan ifrazat xaric olmur.
- Təəccüblüdür! Bəs siz dediniz ki, alimlərdən deyilsiniz?
- Dedim ki, nadanlardan deyiləm.
- Başqa bir sualım var.
- Buyurun!
- Hansı əsasa görə deyirsiniz ki, cənnətdə meyvələr azalmır və nə qədər istifadə etsən, yenə də olduğu kimi qalıb əskilmir? Dünyada olan şeylərdən buna dair bir nümunə qeyd edə bilərsinizmi?
- Bəli, onun bu dünyada aşkar nümunəsi alovdur. Siz bir məşəlin alovundan bir neçə məşəl yandırsanız da, birinci məşəlin alovu yenə də olduğu kimi qalacaq və od ondan əsla əskilməyəcək.
Daha sonra yepiskop fikrinə gələn bütün çətin sualları İmama (ə.s) verdi və Həzrətdən (ə.s) hamısı haqqında qaneedici cavab eşitdi. Özünü aciz görüb bərk hirsləndi və dedi: “Camaat, dini məlumatı məndən çox olan bir adamı bura gətirmisiniz ki, məni rüsvay edəsiniz? Müsəlmanlar bilsinlər ki, onların rəhbərləri bizdən üstün və biliklidirlər. And olsun Allaha, daha sizinlə söhbət etməyəcəyəm”.
Mənbə: Mehdi Pişvayi “İmamların siması tarix guşəsində”.